Keçid linkləri

2025, 09 İyun, Bazar ertəsi, Bakı vaxtı 23:42

AEBA rəhbəri ABŞ və İranı nüvə məsələsində diplomatik həllə çağırır


Vyanada AEBA-nın mənzil-qərargahı
Vyanada AEBA-nın mənzil-qərargahı

BMT-nin nüvə proqramlarına nəzarət orqanı olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri İran və ABŞ-ni Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda "diplomatik həll" tapmağa çağırıb.

Bu gün başlayan və iyunun 13-dək davam edəcək AEBA-nın idarə heyətinin iclasında 20 ildə ilk dəfə Tehranın təhlükəsizlik tədbirlərinə əməl etmədiyini müəyyən edən qətnamənin müzakirəsi və onunla bağlı səsvermə keçiriləcəyi gözlənilir.

Vyanada başlayan iclasda çıxış edən AEBA baş direktoru Rafael Qrossi irəliləmək üçün yeganə yolun diplomatik həll olduğuna əmin olduğunu deyib.

"Keçən aylar ərzində mən İran İslam Respublikası ilə ABŞ arasında ikitərəfli danışıqların dəstəklənməsi məqsədilə fəal məsləhətləşmələr apararaq onlarla sıx və intensiv əməkdaşlıq etmişəm. Məqsəd qarşılıqlı qəbul edilə bilən, İranın nüvə proqramının sülh məqsədli olduğuna zəmanət verən razılığın əldə olunmasıdır", - Qrossi əlavə edib.

Rafael Qrossi
Rafael Qrossi

Tehran AEBA-nın vacib iclası ərəfəsində mövqeyində israr edir

Rəsmi Tehran iyunun 8-də bəyan edib ki, BMT-nin nüvə proqramlarına nəzarət orqanı olan Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığını məhdudlaşdıra bilər. Bildirilib ki, bu gün, iyunun 9-da başlayacaq iclasda Tehranın 20 il ərzində ilk dəfə olaraq təhlükəsizlik tədbirlərinə əməl etmədiyini bildirən qətnamə AEBA tərəfindən qəbul olunarsa, bu addım atılacaq.

"Əlbəttə, AEBAİran İslam Respublikasının geniş və dostyana əməkdaşlığını davam etdirəcəyini gözləməməlidir", - İranın Atom Enerjisi Təşkilatının nümayəndəsi Bəhruz Kamalvəndi qətnamənin AEBA-nın iclasında qəbul olunacağı təqdirdə Tehranın reaksiyası barədə dövlət televiziyasına danışarkən bildirib.

İran bundan əvvəl AEBA-nın Vyanada keçirilən rüblük toplantısında qətnaməni irəli sürən Qərb dövlətlərinə qarşı sərt addımlar atacağına söz verib.

İranın xarici işlər naziri Abbas Əraqçi iyunun 6-da X platformasında paylaşımında Böyük Britaniya, Fransa və Almaniyanı (E3) yalan yerə İranı öhdəliklərini pozmaqda ittiham etdiklərinə görə tənqid edib. O, bu addımın böhran yaratmaq məqsədilə atıldığını bildirib.

"Avropa növbəti böyük strateji səhvə hazırlaşdığı bir vaxtda sözlərimi yadda saxlayın: İran öz hüquqlarının hər hansı pozuntusuna qarşı güclü reaksiya verəcək. Günah tam şəkildə yalnız və yalnız nüfuz qazanmaq üçün heç nədən çəkinməyən məsuliyyətsiz tərəflərin üzərindədir", - Əraqçi xəbərdarlıq edib.

E3 tərəfindən hazırlanan və ABŞ tərəfindən dəstəklənən qətnamə layihəsi iyunun 5-də AEBAİdarə Heyətinin 35 üzvü ilə paylaşılıb. AEBA İdarə Heyəti 9-13 iyun tarixlərində özünün rüblük iclasını keçirəcək.

AEBA-nın son rüblük hesabatında bildirilib ki, İran yüksək dərəcədə zənginləşdirilmiş uran istehsalını kəskin şəkildə artırıb və 60 faiz zənginləşdirilmiş uranın ehtiyatını 408.6 kiloqrama çatdırıb. Bu göstərici fevralda cəmi 275 kiloqramdan az idi.

Agentlik həmçinin İranı zəif əməkdaşlığa, xüsusən də bəyan edilməmiş ərazilərdə aşkar edilən nüvə izlərini izah etməməsinə görə tənqid edib.

Buşehrdəki atom elektrik stansiyasının reaktoru
Buşehrdəki atom elektrik stansiyasının reaktoru

İsraillə bağlı "məlumat xəzinəsi"

60 faiz zənginləşdirmə silah səviyyəli material üçün tələb olunan 90 faiz həddindən aşağı olsa da, bu göstərici 2015-ci il beynəlxalq nüvə sazişi ilə müəyyən edilmiş 3.67 faiz məhdudiyyətini xeyli aşır. ABŞ prezidenti Donald Tramp həmin sazişdən 2018-ci ildə, ilk prezidentlik dövründə çıxıb. Tramp yanvarda yenidən ikinci müddətə prezidentliyə qayıdıb.

Bu, Trampın İranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq məqsədilə Tehranla yeni bir razılaşma əldə etməyə çalışdığı vaxta təsadüf edir.

Vaşinqton və Tehran arasında danışıqların beş raundu baş tutub. Uranın zənginləşdirilməsi əsas mübahisə mövzularından biri olaraq qalır. ABŞ administrasiyası İranın bütün zənginləşdirmə fəaliyyətlərini dayandırmalı olduğunu bildirir, İran isə bu tələbi rədd edir.

Tehranın danışıqlar heyətinə rəhbərlik edən Əraqçi mayın 31-də bildirib ki, Oman vasitəçiliyi ilə aparılan danışıqlardan sonra ABŞ-dən mümkün razılaşmaya dair "elementlər" alınıb.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə iyunun 8-də bildirib ki, "ABŞ planında sanksiyaların ləğvindən, ümumiyyətlə, bəhs olunmur".

O, Vaşinqtonu Tehranın qəbul edə bilməyəcəyi "birtərəfli" razılaşmanı zorla qəbul etdirməyə çalışmaqda ittiham edib.

Eyni zamanda, İranın kəşfiyyat naziri İsmayıl Xatib heç bir sübut təqdim etmədən Tehranın İsrailin nüvə proqramına dair "önəmli bir məlumat xəzinəsi" ələ keçirdiyini iddia edib.

Bu açıqlamalar İranın dövlət yayımçısı IRIB-in İsrailə qarşı "tarixdə ən böyük kəşfiyyat əməliyyatlarından biri" adlandırdığı bir hadisəni işıqlandırmasından sonra səsləndirilib. İddialara görə, İran kəşfiyyatı İsrailin nüvə layihələri və obyektləri ilə bağlı minlərlə sənəd daxil olmaqla, böyük həcmdə məxfi sənədləri İsrail ərazisindən əldə edib.

Nazir bildirib ki, bu sənədlər - ABŞ, Avropa və digər ölkələrlə də bağlı olduğu iddia olunur - tezliklə ictimaiyyətə açıqlanacaq.

XS
SM
MD
LG