Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-nin) Daşkəsən şöbəsinin sədri Sahib Məmmədzadənin bacısı Tacirə Məmmədzadə deyir ki, qardaşını azadlıqdan ikiqat məhrum ediblər. O, AzadlıqRadiosuna danışarkən, qardaşı haqqında hökmdə ona verilmiş 3 il 6 aylıq cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsinə diqqət çəkir. Di gəl, martın 7-də apellyasiya məhkəməsinin qərarı çıxsa və hökm qüvvəyə minsə də, S.Məmmədzadəni indiyədək cəzaçəkmə müəssisəsinə köçürmürlər.
Bacısının dediyinə görə, qardaşı Umbakı Penitensiar Müəssisəsində, kamera şəraitində saxlanılır: "Gündə cəmi iki saat havaya çıxa bilir. Niyə? Onu ikinəfərlik kamerada saxlayırlar. Bir müddət əvvəl yanına təxribatçı salmışdılar. Onu təxribata çəkməyə çalışırdı. Sahib də başa düşmüşdü, ona baş qoşmurdu. Tərtəmiz adamı narkotiklə şərləyib ailəsindən ayırıblar, bununla ürəkləri soyumur".
T.Məmmədzadə vurğulayıb ki, qardaşının hazırda saxlandığı şərait ümumi rejimli cəzaçəkmə müəssisəsinin şərtlərinə ziddir. O, hökmdə göstərildiyi rejimdə saxlansa, bütün günü havada ola bilər.
Cəbhəçi 1 il 3 aydır ki, narkotik ittihamıyla həbsdədir. Öncə ötən ilin dekabrında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 6 il 6 ay həbs cəzası kəsilmişdi. Bu ilin martında apellyasiya məhkəməsi cəzanı 3 il 6 aya endirib.
S.Məmmədzadə 2024-cü il martın 18-də bacısı ilə birlikdə yük maşınında mal-qaranı yaylağa aparanda saxlanılıb. İddia olunur ki, onun üstündən 23 qram narkotik tapılıb.
AXCP funksioneri isə deyir ki, bu ittiham saxtadır, heç narkotikin necə olduğunu bilmir. O, məhkəmədəki ifadəsində haqqındakı cinayət işini "şou", "tamaşa" adlandırıb: "Bura məhkəmə olsaydı, məni açıb azadlığa buraxardılar. Çünki burada mənim təqsirim yox, təqsirsizliyim – cibimə narkotik atılıb şərlənməyim sübut olundu".
Bacısı bildirib ki, S.Məımmədzadənin işindən Ali Məhkəməyə kasasiya şikayəti hazırlanır: "Günahsız adamın nəinki 3 il 6 ay, bir gün də həbsdə qalması çoxdur".
S.Məmmədzadənin Umbakı Penitensiar Müəssisəsində saxlanması və ümumi rejimli cəzaçəkmə müəssisəsinə köçürülməməsi barədə bacısının dediklərinə Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Xatırlatma
AXCP-dən verilən bilgiyə görə, hazırda partiyanın 20-yə yaxın üzvü siyasi baxışları üzündən həbsdədir. Partiya sədri Əli Kərimli bəyan edib ki, təkcə son iki ayda səkkiz nəfər AXCP funksioneri həbs olunub.
Hökumət təmsilçiləri, bir qayda olaraq, ölkədə heç kimin siyasi baxışlarına görə təqib olunmadığını, həbs olunanların konkret cinayətlərə görə cəzalandırıldıqlarını iddia edir.
Yerli və beynəlxalq insan haqları təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 350-dən çox siyasi məhbus var.