Keçid linkləri

2025, 10 İyun, çərşənbə axşamı, Bakı vaxtı 00:00

Çin mədənləri Serbiya və Tacikistanda əhalini narahat edir: Münbit torpaqlar... təhlükədədir


Keçmiş dövlət dağ-mədən şirkətinin səhmlərinin əksəriyyəti 2018-ci ilin dekabrından "Serbia Zijin Copper" şirkətinə məxsusdur.
Keçmiş dövlət dağ-mədən şirkətinin səhmlərinin əksəriyyəti 2018-ci ilin dekabrından "Serbia Zijin Copper" şirkətinə məxsusdur.

Serbiyanın şərqindəki Bor və Tacikistanın qərbindəki Pencikent yaxınlığında Çinin "Zijin" şirkətinə məxsus mədənlərin yanında yaşayan kəndlilər eyni təhlükə ilə üzləşirlər: zəhərli hava, deqradasiyaya uğramış əkin sahələri və yardım üçün müraciət ediləcək heç bir yerin olmaması. Digər tərəfdən isə, onların hökumətləri Pekinlə münasibətləri dərinləşdirir.

Bu ölkələr Pekinin "Bir kəmər, ə bir yol" təşəbbüsü çərçivəsində Çindən gələn sərmayəni qəbul edərkən, kəndlilər ətraf mühitin bədəlini ödədiklərini deyirlər. "Zijin" isə iddiaları rədd edir.

"Bu iy burnunuza vurur, başınızı gicəlləndirir. Bu, zəhərdir", - Tacikistanın Xunqaron sakini Asadulo Raxmonov deyir.

Serbiyadan, Kriveldən olan Miloş Boziç isə əlavə edir: "Bu tozla sağlam bir şey yetişdirmək mümkün deyil".

"Zijin" Serbiyada mis, Tacikistanda isə qızıl mədənini idarə edir. Hər iki mədənin yaxınlığında yaşayan sakinlər dəfələrlə şikayətlər ediblər. Onlar vəd olunan köçürmə və təmizləmə işlərinin heç vaxt həyata keçirilmədiyini bildirirlər.

"Əmlakımı satım? Mən nə etməliyəm - ləyaqətimi satım?", - əksər ev təsərrüfatlarının artıq tərk edildiyi Serbiyanın Ostrel şəhərində yerli şuranın rəhbəri Draqoslav Stankuloviç bildirir.

"Zijin" 2018-ci ildə Serbiyanın keçmiş dövlət mədən hövzəsini alıb və 2021-ci ildə tamamilə Çinin sahibi olduğu yeni "Cukaru Peki" mədənində fəaliyyətə başlayıb. O vaxtdan bəri sakinlər və mütəxəssislər çirklənmənin pisləşdiyi barədə xəbərdarlıq edirlər. Şirkət isə kükürd-dioksidin azaldılması da daxil olmaqla, ekoloji vəziyyətin yaxşılaşdırılmasına 259 milyon dollar xərclədiyini bildirir. Lakin zəhərli hissəciklər hələ də qalmaqdadır.

Bor Texniki Fakültəsinin professoru Snejana Serbula deyir: "PM hissəcikləri və arsen hələ də mövcuddur". "Bor sakinləri gündəlik olaraq onları nəfəs alırlar", - o xəbərdarlıq edir.

Hava keyfiyyətinin monitorinqi davam edən problemləri göstərir.

"Əvvəllər siz tüstünü görərdiniz. İndi görünməzdir, amma dəhşətli iyi gəlir", - Bor sakini Violeta bildirir.

"Nəfəs ala bilmirsən"

İctimai narazılıqlara baxmayaraq, Serbiya hökuməti "Zijin"i müdafiə edib. 2024-cü ilə qədər Çin şirkətləri Serbiyanın əsas ixracatçıları olub və 1 milyard dollardan çox gəlir əldə ediblər.

"Sağlamlığını itirirsənsə, pulların nə faydası var?", - Bor sakini Vlada soruşur.

Aktivist Deyan Lazar bunu "aqressiv mədənçilik" adlandırır və yerli sakinlərin kənarda qaldığını bildirir. "Şəhər mədənin ətrafında salınıb. Heç kim mədən işlərinin əleyhinə deyil. Amma bu, irrasionaldır", - o deyir.

Miodraq Jivkoviç kimi, digərləri isə narazılıq edir ki, onlara çox az vəsait verərək torpaqları əllərindən alınıb: "O əkin sahəsi mənim dolanışığım idi. İndi 200 avro təqaüdlə yaşayıram".

"Zijin" ərazidəki torpaqların 98 faizinin könüllü olaraq alındığını, qalan müsadirələrin isə qanuni prosedurlara uyğun aparıldığını deyir. O, ekoloji qanunlara uyğun olaraq Serbiyanın ilk "yaşıl" mədənini inkişaf etdirdiyini iddia edir.

"Zarafşon" qızıl mədəni ərazisinin sakinləri Tacikistan hakimiyyətini havanın, torpağın və suyun çirklənməsinə göz yummaqda ittiham edirlər.
"Zarafşon" qızıl mədəni ərazisinin sakinləri Tacikistan hakimiyyətini havanın, torpağın və suyun çirklənməsinə göz yummaqda ittiham edirlər.

Tacikistanda isə "Zijin" "Zarafşon" qızıl mədənində 70 faiz paya sahibdir.

Şinqdən olan Abutolib Muxtarov deyir ki, "səhərlər kəndi qatı tüstü bürüyür, nəfəs ala bilmirsən".

"Zijin" bir neçə dəfə cərimələnib, lakin şirkət Tacikistan hakimiyyətinin güclü dəstəyinə sahibdir, bu isə onlar ödədiyi milyonlarla vergi gəliri ilə bağlıdır. Tənqidçilər isə polis tərəfindən hədə-qorxu, nəzarət və həbs hallarının olduğunu bildirir.

Vəziyyətə etiraz edənlər qisas riski ilə üzləşir. 2023-cü ildə etiraz aksiyası keçirmək üçün Pencikentə gedən bir qrup qadın saxlanılıb.

"Nə cinayət törətdiyimizi soruşduq. Bizi ələ saldılar", - Firuzə Qahorova xatırlayır. "Mən huşumu itirəndə "ona su verməyin, torpaq verin" deyirdilər".

"Zijin" fəaliyyətinin qanuni olduğunu bildirir və növbəti 20 il ərzində Tacikistanda mədən hasilatını davam etdirməyi planlaşdırır.

Ekoloji zərərin getdikcə artmasına baxmayaraq, hər iki ölkədə (Serbiya və Tacikistanda) hakimiyyət orqanları şirkəti iqtisadi inkişafın mühüm qüvvəsi kimi qiymətləndirir.

"Şaftalı yetişmir. Xiyarın çiçəkləri tökülür. Axan çay isə zəhərlənib", - Raxmonov deyir.

Yazı AzadlıqRadiosunun Balkan və Tacikistan xidmətləri tərəfindən hazırlanıb.

XS
SM
MD
LG