Əsgərin ölümünə vəzifəli şəxsin laqeydliyi səbəb olub?

DSX

Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli hərbi qulluqçusu, əsgər Rasim Həsənlinin ölümü ilə bağlı cinayət işi açılıb.

Bu barədə yerli saytlara Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, faktla bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.1-1-ci (Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

"Hazırda ibtidai istintaq davam etdirilir, qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin ediləcək", - qurumdan əlavə olunub.

Həmin maddə ilə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

DSX bir gün əvvəl, iyunun 8-də bildirmişdi ki, hərbi qulluqçu R.Həsənli xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib. Amma qurum gənc əsgərin xəstəliyinin nə olduğunu açıqlamırdı.

Məsələyə, hələlik, əsgərin yaxınlarından da münasibət almaq mümkün olmayıb.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (XHTİ) məlumatına görə, 2025-ci ilin təkcə ilk rübündə Azərbaycanda azı 14 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib. Amma bu rəqəmi, hələlik, rəsmi qurumlar ayrılıqda təsdiqləməyiblər.