Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Qaradağ şöbəsinin üzvü Rahil Quliyevin iyunun 7-də saxlandığı bildirilir.
Bu barədə AXCP-dən iyunun 8-də məlumat yayılıb.
Partiyadan vurğulandığına görə, onun haqqında cinayət işi açılıb. Amma partiyadan detallar açıqlanmayıb.
AXCP-nin açıqlamasına, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
R.Quliyev ötən ayın əvvəlində 30 sutka inzibati qaydada həbs edilmişdi. O, bir neçə gün idi ki, azadlığa çıxmışdı.
R.Quliyev AXCP sədri Əli Kərimlinin mühafizəçisi Elnur Quliyevin qardaşıdır. E.Quliyev özü də qardaşından öncə inzibati qaydada həbs edilmişdi.
Ə.Kərimli bu yaxınlarda bildirmişdi ki, son aylar ona ictimai əsaslarla mühafizəçilik edən və onu avtomobili ilə tədbirlərə aparan səkkiz partiya fəalı müxtəlif ittihamla həbs olunub.
Xatırlatma
Müxalifətdə olan AXCP-nin hazırda 15 civarında üzvü uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Üstəlik, AXCP fəallarından bəziləri inzibati qaydada da həbs edilir. Onlar isə, əsasən, polisə müqavimət və xırda xuliqanlıqda ittiham edilirlər.
Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 360-dan çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.